HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 541
Tanrı və İnsan - Mustafa Məsturun fəlsəfəsi

Tanrı və İnsan - Mustafa Məsturun fəlsəfəsi

Ülviyyə Tahir İslaminSesi üçün

Tanrı və İnsan mövzusu  bəşəriyyətin daim əndişə duyduğu zərif nöqtələrdən biri olub. İnsan digər canlılardan fərqli olaraq özünü hesaba çəkmək qabiliyyətinə malikdir.

 

Niyə? Nə üçün varıq? Missiyamız nədir? Yəqin ki, bu sualı bütün ömrü boyu özünə bir dəfə də olsun verməyən insan yoxdur.

 

Bu yaxınlarda "Sən aydınladırsan gecəni" adlı bir film izlədim. Film boyunca bir neçə suala sətiraltı cavab axtarılırdı. Ən çox diqqətimi cəlb edən qəhrəmanın-Camalın: "Əgər biz bu dünyaya gəlməsəydik, əgər atam, anam, qardaşlarım olmasaydı nə olardı? Nələr dəyişərdi?"

 

Həqiqətən də say artırmağa xidmət etmiriksə, əslində missiyamız nədir? Bəlkə də insan mesajı düzgün anlamır.

 

Bənzər sualı Mustafa Məsturun romanında Culiya qoyur. O müəyyənləşdirmək istəyir ki, nə üçün dünyaya gəlib. O müəyyənləşdirmək istəyir ki, niyə məhz 25 il bundan əvvəl- nə bir il tez, nə bir il gec doğulub. Tanrının ona nə demək istədiyini anlamağa çalışır. O soruşur ki, min illərdir dünya mövcuddur, amma o yox; bəs hansı səbəb üzündən o qəfil iyirmi beş il  undan öncə dünyaya gələrək  bu həyata atılıb? Həyat da nə həyat?! Sonu ölümlə tamamlanan əzab-əziyyət, zillət, bədbəxtlik, xəstəlik qəm-kədərlə dolu.

 

Təbii ki, Culya ilə yazıçı kifayətlənmir. Daha dərinlərə enir. Elə bir dərin sulara doğru üzür ki, bu sular həmişə insan üçün təhlükəli olub.

 

Tanrı varmı?- elə sual ətrafında dövrə vurmağa başlayır. Bütün roman boyunca bu suala doğru gedən o kələ-kötürlü yol o bitməz-tükənməz sualları ilə süslənir."Tanrı varmı? Əgər Tanrı yoxdursa,bəs niyə varıq? Əgər varsa bəs bu qədər fəlakətlər nə üçündür? Bütün bu bədbəxtliklər, yer üzünə  yağan şər və pisliklər nə üçündür? Hardadır o qadiri-mütləqin ayaq izləri? Niyə hər şey bu qədər alt-üst olub, niyə  hər şey bu qədər dözülməzdir? "- deyə Yunis sualları yağdırdıqca yağdırır.

 

Lakin hər şey  bu qədər dəqiqliklə verilən suallara cavab verəcək Tanrını axtarmaqdan ibarətdir?

Roman boyunca Yunisin nişanlısı Sayənin də sualı var. O da Tanrının görüşünə gedən Musanın nə üçün ayaqqabılarından azad olmasını araşdırır.

 

Bütün bu pararelliyi daha bir məsələ qəliz hala gətirir. Yunisin dissertasiya mövzusu ilə əlaqədər olaraq olan Doktor Parsanın intihar səbəblərini axtarması onun beyninə yeni suallar gətirir.

O sadəcə olaraq dissertasiyasını müdafiə edib korayola, hər şeyə göz yumaraq Sayə ilə evlənə bilər, lakin o asan yolu seçə biləcək biri deyil. O içindəki şübhələrlə xoşbəxt ola bilməz.

 

Doktor Parsanın ölümü.... Bəli Tanrı mesaj göndərir, lakin insan o mesajı anlayır yoxsa anlamaq istəmir?! Daha bir sual..

"Tanrının varlığının bizim imanımızla əlaqəsi olmasa belə, o varlığı hiss etmək bütünlüklə inancımızın ölçüsünə bağlıdır."

 

Bəli, bu roman bəşəriyyət üçün ən əhəmiyyətli bir sualın ətrafında dövrə vurur. Bəzən onun daxilinə, bəzən də xaricinə toxunaraq hey çırpınır. Diktə etmir, sadəcə olaraq izah edir. Xırda-xırda, incə-incə... Sadədən mürəkkəbə doğru...

 

Hər kəsin özünə uyğun kobud şəkildə desək özü boyda Tanrısı var. Bəzilərinin Tanrısı öz bəndəsi üçün ən asan  işi belə görməz və ya adicə zökəmə belə fayda  verməz.

 

Lakin romandakı paradokslar bununla bitirmi? Xeyr. Deyərdim ki, daha da daha qəlizləşir. Doktor Parsa özünü niyə məhz həşəratların öldürülməsi üçün dərman satılan binadan atır?

 

Ya da heç bir rolu olmayan epizodik şəxslər niyə var? Məsələn, sallaqxanada sadəcə olaraq cəmdəklərin üzərinə sıra nömrəsi yapışdırmaqla ömrünü xərcləyən ya da mürdəşir olması öyünən müharibə veteranı...

 

Suallar və yenə suallar...

 

Deyərdim ki, Mustafa Məsturun yaradıcılığı medalın iki üzü kimidir. Siz onun görünən tərəfində mütaliə edirsiniz və kitabı örtüb onunla vidalaşırsınız. Medalın görünməyən tərəfində isə siz sizi illərdir narahat edən və yanından gözüyumulu ötdüyünüz suallarla qarşılaşırsınız. Yazıçının tanış olduğum hər iki əsərində inanc əsas açar məsələlərdən biridir. "Cüzamlı əllər və donuz sümüyü" əsərində də qəhrəmanlardan biri qadının təsbeh çevirərək Allahdan şəfa diləməsini və buna nail olmasını bilsə də özünə çatanda möcüzəyə şübhə edir. Lakin möcüzə baş verir: Donor tapılır.

 

Lakin o hadisəyə qədər nə qədər təkamül keçirməli və nə qədər dəyişikliyə məruz qalmalı olurlar? Bunu isə əsərlə tanış olduqdan sonra bilmək mümkündür. Son olaraq onu qeyd edim ki, Mustafa Məstur dünya ədəbiyyatına Tanrı və inanc mövzusunu tamamilə başqa bir səpkidə qazandırmış yazardır. Onun Tanrı fəlsəfəsi insandan keçir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system