HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 2799
Sultanın hikkəsi və ya  suda sınan su səhəngi --ANS

Sultanın hikkəsi və ya suda sınan su səhəngi --ANS

Namiq Qurban

Gerçəyi Allah bilir, amma təqdim olunan, yəni bizə görünən tərəfə baxsaq, qardaş ölkədə hərbi çevrilişə məlum uğursuz cəhdlə demokratiyanı haqlamış böyük təhlükədən döndük. Şükürlər. Əslində, dünyanı azdan-çoxdan tanıyan heç kimsə darbələrlə(çevrilişlərlə) hakimiyyət dəyişməsini dəstəkləməz. Qulağımızın dibindəki son dövr tariximizin acınacaqlı ibrətləri yaddaşlarımızdadır və həm də yaraları heç qaysaqlamayıb da. İnqilablar, hərbi çevrilişlər xalqları necə sərgərdan qoydu. Tarix və mədəniyyətin beşiyi olan məmləkətləri necə viran etdi, xarabazara çevirdi. Çox pis ənənədir! Can itkisi, maddi ziyan, dağıntı, qorxu, vahimə, nigarançılıq və daha nələr. Hələ dünyanın sinəsinə çökmüş və bu cür xaos mərhələlərində də “yağışdan sonra göbələk” kimi cücərən terror kabusunu demirəm. Xalqa da xəyanətdir bu. Xalqın səsinə, seçiminə, iradəsinə xəyanət. Xalq seçibsə, qoy xalq özü də dəyişsin. Hakimiyyət dəyişilməsinin yeganə bir yolu var. O da seçki! Hamımız gözəl bilirik.

 

Amma hələ tələsməyək. Hər görüntü həqiqət demək deyil. Və bəlkə də əsl həqiqəti görüntülərin çox-çox arxasında axtarmaq gərəkir. Bəzən axtardığımız həqiqətlər o qədər dərin qatlarda gizlənir ki, aşkar olunması xeyli səy və deməli, həm də xeyli zaman tələb edir. Heç biz də orta əsr insanları deyilik. Hər görüntünü rahatca yeyib həzm edəcək qədər sadəlöhv də sayılmarıq. Siyasət hiylələrini minbir yolla təkmilləşdirdikcə, biz də o hiylələri çözə-çözə böyüdük, kamallaşdıq. Bütün bunları ona Namiq Qurbangörə yazdım ki, biganə deyiləm. Heç bir azərbaycanlı qardaş ölkədə gedən proseslərə laqeyd qala bilməz. Axı Türkiyənin müqəddəratı Azərbaycanın da müqəddəratıdır. Türkiyənin siyasi və iqtisadi qüdrətə qovuşmasını necə deyərlər, cani-könüldən istəyirik. Nə isə... Keçim mətləbimə.
Hadisə baş verən ilk saatlardan Gülən soyadı gündəmi zəbt elədi. Türkiyə rəsmilərinin ittihamları ildırım sürəti ilə dünyanın hər tərəfinə, həm də adı çəkilən personanı 18 ildir barındıran ABŞ-ın Pensilvaniya ştatına da yetişdi. Dünyanı anbaan təqib edən kütləvi informasiya vasitələri də üzünü Pensilvaniyaya çevirməzmi? Burda qeyri-adi heç nə yoxdur. Hətta çox təbii və normaldır. Bütün dünyanın diqqəti Türkiyəyə və hərbi iğtişaşa müəlliflik etməkdə suçlandırılan Pensilvaniya mühacirinə yönəldi. Dünyanın diqqətini özünə cəlb etmiş Gülən də gecikmədən mətbuat konfransı keçirərək hadisəyə öz münasibətini bəyan etdi. Hə. Gəldik əsas mətləbə.


Məlum mətbuat konfransında ANS-in Amerikadakı xüsusi müxbiri Qənirə Ataşova da iştirak edib. Zavallınin Amerika “sərgüzəştləri” də heç səngimir ki. Yox! Əsla, onu qınamıram. Əslində, Qənirənin yerində olsaydım, mən də bunu edərdim.Onun bu addımı əsl peşəkarlıqdır. Dünya gündəmində qabarmış olayla birbaşa əlaqəsi olan mənbədən məlumat almaq və yaymaq hər bir jurnalistin peşə borcudur.Burda qeyri-qanunu nə var ki?.. Jurnalist peşəkarlığı həm də gündəm mövzusuna çevik yanaşmadır. Jurnalistin ixtiyari mənbədən məlumatı cəld əldə etmək və yaymaq hüququ var. Peşənin tələbi bu, cənablar.(Bax: KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Qəbul edilmişdir: 7 dekabr 1999-cu il. № 769-IQ. Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ )


İttiham olunan və ittiham edən tərəflər düşmən ola bilər. Amma azad jurnalist və azad mətbuat üçün hər iki tərəf yalnız məlumat mənbəyidir.Təkrar edirəm: yalnız məlumat mənbəyi! Unutmayaq!


Amma... Sən saydığını say, gör sultan nə sayır.


Məlum müsahibə sultanı yaman hiddətləndirib. O həddə ki, hətta çıxışında da bunu xüsusi vurğulayıb. Coşub daşan hikkəsini isə qonşu ölkənin müstəqil media qurumuna töküb. Nəticəsi də bildiyiniz kimi.


Soruşan gərək, sultanım, danışanda od püskürürsünüz, iddialarınız sinənizə sığır da, ağzınıza sığmır. Amma belə xırdaçılıq edirsiniz? Media qanunlarından xəbərsizsinizmi? Bəs demokratiyadan ağızdolusu danışır və demokratiya fədaisi olduğunuzu hər addımbaşı bəyan edirsiz. Mətbuat azadlığının demokratiyanın təməl prinsiplərindən olduğunu xatırlatmağa lüzum varmı? Həm iğtişaşla bağlı qarşı tərəfə ünvanladığınız ittihamlar qanun çərçivəsində məhkəmə qərarı ilə təsdiq olmayıb. Yəni sadəcə ittihamdır. Yox, əgər məhkəmə qərar çıxarıbsa, xub, o zaman həmin zatı sığındığı ölkədən ekstradisiya edin və istintaqa təhvil verin. Vəssalam. Gülənin strateji müttəfiq və dost ölkənin ərazisində belə bir görüş keçirməsi də tamam başqa bir mövzu. Buna toxunmuram. Hətta məhkəmə birinin cinayətini sübut edərək qərar çıxarsa belə, jurnalistin o şəxsi dinləmək və fikirlərini öyrənmək hüququna zidd deyil. Ən ağır cinayətdə ittiham olunan kəs üçün də qanunvericilik özünümüdafiə və cavab haqqı tanıyır. Bunları bilməmiş deyilsiniz.


Nəhayət ki, sultanın istəyi gerçəkləşdi. Və ölkəmizin ilk müstəqil media yayım şirkəti olan ANS müvəqqəti bağlandı.Yerli kanallara demək olar ki, baxmıram. ANS-ə də həmçinin. O qarmaqarışıq müəmmalarla dolu gecənin xəbərlərini də tamam başqa bir mənbədən təqib edirdim. Kanalın bağlanması ilə bağlı əsas göstərilən dəlilləri də heç anlamadım. Gah qalmaqallı mətbuat konfransındakı iştirak, gah da hadisə ilə bağlı kanalın yayımladığı xəbərlərdə konkret iğtişaşa dəstək ifadə edən qərəzli mövqe. Baxmamışam. Bilmirəm. Ona görə də fikir söyləmək çətindir. Amma vətənimizin müstəqilliyi ilə yaşıd olan bir kanalın belə bir kobud səhv buraxacağına da inana bilmirəm.Həm kanal rəsmisi bütün gecəni operativ xəbər yayımına görə Türkiyə səfirliyinin kanala təşəkkür etdiyini də bildirir. Nə baş verir görəsən?..

Əslində, Qənirə Ataşovanın həmin mətbuat konfransındakı iştirakını peşəkarlıq, Mirşahin Ağayevin üzrxahlığını isə yenə elə peşəkar mədəni jest kimi qiymətləndirirəm. Əminəm ki, Mirşahin hikkədən doğmuş anlaşmazlığı üzrlə yumşaltmağa çalışsa da, əslində, ortada jurnalıst fəaliyyətini tənzimləyən qanunlara zidd əməlin olmadığını gözəl bilir. Sadəcə, dövran çox dəyişib. Doğruluğunu anlatmaq bir yana. Dostlar belə, yıxılmağını görəndə kömək əli uzatmaq əvəzinə balta dalınca qaçırlar. Və bunu çoxumuz bilirik. Düzdür, həmin görüşdə əməkdaşının iştirakı ilə bağlı kanal həssas məqamda ehtiyatsızlığa yol verdiyini də etiraf etdi. Amma belə bir ehtiyatsızlığa görə ilin günün bu zor vaxtında şirkətin 100-lərlə işçisini işsiz, ailələrini isə çörəksiz qoymağa dəyərdimi?! Bizimkiləri də başa düşürəm. Qəzəbli sultanın ağzının köpüyünə qarışmış sözünün yerə düşərək əziz xətrinin rəncidə olmaması üçün yayım qadağası barədə qərar qəbul edənləri deyirəm. Canı canımızdan, qanı qanımızdan sultanımız niyə küs olsun ki? Hətta su bulanmışkən balıq tutmaq istəyənləri də anlayıram. Fürsəti də fövtə verərlərmi? Bu bizik axı.
Dövlət qurumlarımızın tezliklə ANS-i yayıma qaytaracağına inanıram. Tozanaq yatışsın. Yenə yolçu yoluna davam edəcək. Amma beynimdə son günlər var gəl edən bəzi müəmmaları heç cür sovuşdura bilmirəm ki, bilmirəm:


1.Sultanın məntiqinə söykənsək, “darbə müəllifi”ni illərdir ürəyinin başında bəsləyib himayə edən ABŞ-a da etiraz edilməli deyildimi? Həm də daha kəskin şəkildə. Məsələn, Ankara səfirinə nota təqdim etmək və ya Vaşinqton səfirini müəyyən müddətə geri çağırmaq kimi. Necə deyərlər, evində şirə dönən sultanım, bir məhlədə də nərildəsənə. Yoxsa bu, bizim anlamadığımız bir oyundur?!


2. Həmin konfransda iştirak etmiş müxtəlif ölkələrin media qurumlarına da təzyiq etdinizmi, sultanım? Bəlkə də umu-küsünüzə “onlar özgə, siz isə qardaşsınız” deyə dəlil gətirirəcəksiniz. Axı qanun üçün yad və doğma anlayışı yoxdur. Demokratiya dediyimiz nədirsə, elə onun tələbidir bu.


3. Bir müddət əvvəl sabiq İran şahbanusu Fərəh Dibahın və şahzadə Rza Pəhləvinin müsahibələri də ANS-in efirində yayımlanmışdı. Əcəba, buna görə cənub qonşumuzun hər hansı bir etirazını duymuşmuyduq?


4. 11 sentyabr terroru baş verdiyi günlərdə məşhur Əl-Cəzirə kanalı Üsamə bin ladenin müxtəlif müraciətlərini yayırdı. Heç bu ərəfədə ABŞ-ın hər hansı təpkisinə şahid olduqmu?


5. Sabah türk kanallarından hansısa biri erməni katolikosundan müsahibə alıb yayımlasa, müvafiq tələbi bizdən qəbul və icra etməyə hazırsınızmı?
və sair və ilaxır.


...
Susuram.
Düşünürəm.
Yeganə qənaətim bu:
Ayıb! Həm də çox ayıb!


Görünən oodur ki, zavallı ANS təkcə sultanın qəzəbinə tuş gəlməyib.Atalar demiş, su səhəngi suda sınar. Elə öz cəmiyyətimizdə də “fürsət”i dəyərləndirib kanala qarşı qəzəbini püskürən az deyil. Sosial şəbəkələrə baxıram.Hər kəs öz incikliyini, kin-küdurətini süsləyib, bəzəyib çıxarıb doqqaza. Amma bu da çox yanlış! ANS-i bəyənməyə, sevməyə, hətta baxmaya bilərik. Öz haqqımız. Lakin unutmayaq ki, ANS Azərbaycanın ilk müstəqil media qurumudur. ANS bizimdir. ANS Azərbaycanındır. Və bu gün ona qarşı sərhəddin o tayından əsassız təzyiq edilir. Yanında və həmrəy olmalı deyilikmi? Macaldır deyib əlimizə balta götürmək bizə yaraşarmı? Dilimizin əzbəri olmuş bir deyim var: türkün türkdən başqa dostu yoxdur. Odur ki, türkün türkdən başqa həm də düşməni yoxdur. ANS-in artıq azad media qurumu olmadığını söyləyənlər də var. Tutaq ki, belədir. Amma bu gün ANS-in yanında olmaq elə söz azadlığına, mətbuat azadlığına dəstək olmaq deməkdir. Düşünək, dostlar.


Və sonda...


Bayaqdan sultan deyib durmuşam.Deyəcəksiniz ki, bu nə təbirdir seçmisən? Orta əsrlərə qayıdırıq? Sayın başqan yazmağa əlim gəlmədi ki. Adamın bütün rəftarı sultan kimi. Qanunun da üstünə hikkə qusur. Sultan kimi başqan yəni.



Birlik.az saytı üçün

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system