HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 842
Quran və sünnəyə görə İŞİD Firon əhlidir

Quran və sünnəyə görə İŞİD Firon əhlidir

2011-ci ilin mart ayında Suriyada hökumət əleyhinə başlayan etiraz aksiyalarının böyük bir müharibəyə çevrildiyini bilirik. Başlanğıcda vətəndaş müharibəsi sayılan Suriya müharibəsinin vəziyyəti ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qrupların Suriyaya daxil olması ilə daha da ağırlaşdı. Təkfirçi xəvaric qrupları olan bu qruplar bölgədə cihad adı altında qanı su yerinə axıtmağa başladılar. İslamı tam tərs tərəfdən təbliğ etməyə başlayıb, hər cür rəzalətə əl atdılar.

 

Əsirlərə işgəncə vermək, işgəncə ilə öldürmək,  küt alətlərlə döyə-döyə öldürmək, diri-diri yandırmaq, boğmaq, kütləvi edam etmək, ölünün ürəyini çıxardıb yemək, vəhşicəsinə baş kəsmək, kəsik başla futbol oynamaq, cəsədlərlə, kəsik başlarla şəkil çəkdirmək kimi hər cür zalımlığı etdilər.

 

  Bu qəddarlıqların davam etdiyi zamanda təkfirçi xəvariclər olan İŞİD Suriya və İraq ərazilərində öz dövlətlərini qurub xilafət elan etdilər. Xilafət elan etdikdən sonra sərbəstlik qazanan İŞİD-çılar baş kəsib qan tökməyi daha da artırdılar. Ələ keçirdikləri ərazilərdə, şəriət qanunları adı altında öz qanunlarını icra edərək, qadınlara toplu təcavüz edir və qul bazarları yaradaraq onları satışa çıxardırlar. Uşaqları döyüşə hazırlayır və onların gözü önündə edam səhnələri qurur, cəsədləri onların yanında saxlayırlar. Öz əqidələrinə uymayanları xalqın gözü qarşısında öldürür, kameraların və insanların gözü qarşısında kişilərin və oğlanların başını kiçik bıçaqlarla, amansızcasına kəsirlər. Baş kəsmə görüntülərinin kütləviliyini nəzərə alaraq bu mövzuda yazmağı qərara aldım.

 

Baş kəsmə adətləri və tarixcəsi

 

       Qədim zamanlardan bəri baş kəsmək çox yayılmış bir cəzalandırma tərzi idi. E.ə. 1200-cü illərə aid olan bir freska üzərində Misir kralı II Ramzesin bir əlində balta, digər əli ilə isə əsirin saçlarından tutarkən görüntüsü və ya e.ə. 600-cü illərdən qalma bir Assur daş qabartması üzərində ki, baş kəsmə səhnələrini misal göstərmək olar. Bundan başqa Tövrat və İncildə adı keçən Judithin ona göz qoyan Assur Generalı Holofernesin başını kəsməsini və ya Kral Herodisin ögey qızı Salumi və onun anasının istəyi ilə Yəhya peyğəmbərin başının kəsilməsini də misal çəkmək olar.

 

        Baş kəsmənin simvolu qılınc və ya balta hesab olunur. Çünki, bu iki alət, iti olması və usta birinin işlətməsi nəticəsində, həmdə digər kəsici alətlərə nisbətən sürətli və ağrısız bir ölüm gətirirdi. Buna görədə soylu, nəsil nəcabətli insanları bu alətlərlə edam edirdilər ki, buda həmin insanlar üçün şərəfli ölüm anlamına gəlirdi. Digər insanları isə aşağılamaq, alçaltmaq üçün ya bıçaqla başını kəsir, ya çarmıxa çəkib qarnını deşir, ya da dar ağacından asırdılar. Avropalı işğalçılar baş kəsmə işini, işğal etdikləri ərazilərdə son dərəcə aşağılayıcı şəkildə həyata keçirdirdilər. Kəsilmiş başları sopalara keçirdib nümayiş etdirirdilər ki, bu da məğlubu aşağılamağın ən qaba simvolu idi. 

 

        Dünya gündəmindən düşməyən İŞİD-ın (İraq Şam İslam Dövləti) baş kəsmə görüntülərinin eynisini ötən əsirin əvvəllərində Fransızlar müsəlmanlara qarşı etmişdilər. 1912-ci ilə aid olduğu iddia edilən bir şəkildə Əlcəzairdə 1 milyon müsəlmanı qətl edən Fransız əskərlərinin kəsdikləri başlarla poza verdikləri görünür.  

 

       Avropalıların keçmiş zamanlarda müsəlmanlara qarşı etdikləri qətl və edam şəkillərinə baxdıqda, İŞİD-ın Suriyada ve İraqda etdiyi edamların eyni tərzdə edildiyini görərik. İraq və Suriyada varlığını sürdürən İŞİD-ın içində çox sayda əcnəbinin olduğunu bildirən mütəxəsislər, Fransadan 1000-ə yaxın, İngiltərədən 400, ABŞ-dan isə 150-yə yaxın əcnəbinin qatıldığını bildirir. Bu günə qədər minlərlə insanın başını kəsərək edam edən İŞİD yaraqlılarının arasında avropalıların olduğunu görüntülərdən də bilirik. Buradan belə nəticəyə gəlmək olar ki, İŞİD-in sıralarında olan qərblilər, edamları islam qanunları ilə deyil, öz adətlərinə uyğun şəkildə həyata keçirdir. Edamların qılınc və ya balta ilə edilməməsi, qərblilərin antik çağdan bəri bu silahları ”soylu” alətlər olaraq görmələriylə əlaqəlidir. Bıçaq edam ediləcək şəxsi alçaltmaq və ölümü acı hala gətirmək üçün idealdır. Xatırlayırsınızsa rus-çeçen müharibəsində çeçenlər bu üsuldan istifadə edərək rusları dəhşətə  gətirib, qorxuya salmışdılar. İŞİD-dən qaçan bir İngilis teröristin dediyinə görə öldürmə işi üçün təlim toyuq kəsərək edilirmiş. Eyni zamanda İŞİD döyüşçüləri qərblilər kimi kəsilmiş başları sopalara, nizələrə keçirdib işğal etdikləri ərazilərdə, mərkəzi meydanlarda insanların gözü qarşısında nümayiş etdirirlər. Bütün bunlar onların nəfsi istəklərə uyub, həddi aşaraq, islam qanunları ilə deyil, qərbin adətləri ilə hərəkət etmələrinin dəlilidir.

 

 

       İŞİD-in bu barbar adətə əlavəsi, ən vəhşi, ən barbar üsullarla həyata keçirdikləri toplu, ya da tək edamları, toplumu teror etmək üçün bir növ super şouya döndərməsidir. İŞİD, əsirləri kütləvi şəkildə düzüb güllələyib və ya kütləvi başlarını kəsərkən bunu xüsusi bir şouya çevirir. ABŞ-lıların İraqlı əsirlərə geyindirdiyi narıncı paltarların bir oxşarını geyindirir, əllərini arxadan bağlayıb diz çöktürür və öncə bəzi açıqlamalar edir. Ardından başlarını qısa bir bıçakla kəsirlər. İŞİD  bu son dərəcə vəhşi edam səhnəsini adətən bir sənədli film kimi çəkir və Qərbin icadı olan sosial şəbəkələr vasitəsilə “e-cihat” anlamında bütün dünyaya elan edir.

 

        Bu görüntülərdə baş kəsənlər kiçik bıçaqlarla insan başını qoyun başı kəsərcəsinə kəsirlər. İslam dinin də bu cür əziyyət verərək edam etmək bəyənilmir. Buna misal olaraq Həzrət Əli (ə.s) ibn Əbu Talibin xəvaric İbn Mülcəm tərəfindən zərbətlənəndən sonra Həzrəti Həsən və Hüseyinə (ə.s) olan vəsiyyətinin sonunda qatilinin cəzalandırılması haqqda belə buyurur: “Ey Əbdülmüttəlib oğulları, sizi “Əmirəl-möminin öldürüldü, Əmirəl-möminin öldürüldü” deyib bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmirəm. (Mənim öldürülməyimi müharibə və qan axıdılması üçün əsas etməyin.) Bilin ki, mənim əvəzimə ancaq qatilim öldürülməlidir. Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu muslə etməyin, çünki mən Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: “Muslə (heyvanın qulağını, dilini və burnunu kəsmək) etməkdən uzaq olub çəkinin, hətta qapağan it olsa belə”. (“Nəhcul-bəlağə” 47-ci məktub). ( Çünki Allah adamları, qatilin əməlindən çox kədərli olsalar da,  bu cür cəza növünü bəyənmirlər. O, nadan və kobud adamların davranış tərzidir ki, onlar öz ürəklərində olan kinlərini bununla soyudur, qabalıqlarını üzə çıxardırlar.).

 

        Bu misaldan belə nəticə çıxartmaq olar ki, insana əziyyət verərək edam etmək olmaz və dinimiz bunu bizə qadağan edərək, bir zərbə ilə edam etməyə icazə verir.

 

Qurana görə əsirlə rəftar

 

        Quranda Muhamməd Surəsi ayə 4-də deyilir : “(Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.”

 

        Ayədən aydın olur ki, döyüş meydanında kafirlərlə qarşılaşan müsəlman onların boynunu vurmalıdır. Burada boyun vurmaq deyəndə, əsir alındıqdan sonra boyun vurulması anlamında deyil. Çünki ayədə döyüşdə məğlub etdikdən sonra onları əsir götürmək və müharibə bitdikdən sonra əsirlərin azad edilməsi əmri verilir və “(Əmr) budur!” deyilir. Keçmişdə qılınc ilə döyüşdükləri üçün, ayədə boyunlarını vurun deyilir. Yəni döyüş meydanında qarşı-qarşıya döyüşdüyünüz zaman öldürün kafirləri anlamında. Ayədən gördüyünüz kimi müsəlman üçün Allahu Təala əsirlə davranmaq qaydası şəkilinin nə cür olması əmirini verib. Amma İŞİD  buna əks əməl edir və əsirləri qəddarcasına edam edirlər.

 

       Hətta İŞİD döyüşçüləri əsirlərin üzərinə benzin tökərək yandırırlar. İslamda atəşlə yandırmaq, cəzalandırmaq Allaha (c.c.) məxsus olduğundan qadağan edilmişdir. Özlərini Sələfi adlandıran bu qrup heç öz hədis kitablarında yazılanlara əməl etmirlər. Səhih Buxaridə Əbu Hüreyrədən edilən bir rəvayət belədir: "Atəşlə ancaq Allah Azzə və Cəllə əzab edər." Bir başqa rəvayətdə isə Əbu Hüreyrə belə deyir: "Bir dəfə Peyğəmbərimiz (s.v.s.) bizi bir tapşırıq ardınca göndərərkən - iki Qüreyşli müşrüyü qəsd edərək- “Əgər falanca ilə filancanı tapsanız onları yandırın” buyurdu. Amma biz yola çıxmaq üzərəykən belə buyurdu: “Az öncə sizə falanca ilə filancanı yandırın əmr etmişdim. Amma atəş, sırf Allaha məxsus bir əzab vasitəsidir. Buna görədə əgər onları tapsanız silahla öldürün." (Buxari, Əbu Davud, Tirmizi)

 

        Görəsən bütün bu əməlləri edən İŞİD xəvaricləri “Allahu əkbər” deyərək baş kəsib Allahın razılığınımı qazanmaq istəyir? Əgər onlar Allahın razılığını qazanmaq üçün kamera qarşısında bu qədər insanı edam edərək, başlarını amansızcasına kəsirlərsə, bilsinlər ki, qədim dövürlərdə də insanlar belə baş kəsmə ayinləri təşkil edib, insanların başını kəsərək onları bütləşdirdikləri tanrıları üçün qurban etməklə, tanrılarının razılığını qazanmağa çalışırdılar. (Bu yerdə məşhur Apokalipsis filmindən, tanrıya insanları qurban etmə səhnəsini xatırlatmaq istəyirəm). Amma pak və müqəddəs olan Allah bu cür qurbanları qəbul etmir. Necə ki Allahu Təala dostu İbrahim peyğəmbəri (ə.s) imtahan etmək üçün öncə oğlu İsmayılı (ə.s) qurban etməsini istəyir. Amma sonra onun əvəzinə bir qoç kəsməsini buyurur. Deməli, Allahu Təala onun üçün insanın bu tərzdə qurban edilməsini bəyənmir. Hətta kəsilən qurbanlıq heyvan haqqında Qurani-Kərimin Həcc surəsinin 37-ci ayəsində Allahu Təala deyir: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”

 

İŞİD Firon əhlidir?

 

       Bütün bu və digər azğınlıqları, onların Allaha deyil, tağuta xidmət etdiyinin nişanəsidir. Allahu Təala Qurani-Kərimin ayələrində bu cür əməlləri törədənlərin kimlər olduğunu və kimlərə xidmət etdiklərini belə bildirir:

 

         (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı  (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi. (Bəqərə 49)

 

         Firon tayfasının əyan-əşrafı dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)” ( Əraf 127)

 

          (Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi. ( Əraf 141)

 

         (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, çünki O sizi Firon əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır! ( İbrahim 6)

 

          Ayələrdən də göründüyü kimi insanlara dəhşətli əzab verib, oğlanların başlarını kəsib, qadınları diri saxlayanlar zalımlardır. Bəs, bu zalımlar kimlərdir, kimə xidmət edirlər? Qurani-Kərimdə onların Firon əhli, Firon tayfası olduğu qeyd olunur. Bəs bu zamanın Fironları kimdir, onların əhli kimdir? Zəmanəmizin Fironları ən başda ABŞ və İsrail dövlətləridir deyə bilərik. Bunu uzun-uzadı sübut etməyə ehtiyac yoxdur. Bütün dünya bundan xəbərdardır. Bəs, Fironların əhli kimdir deyilsə, əməlləri ayələrə uyğun gələn təkfirçi xəvariclər, yəni İŞİD deyə bilərik.

 

          Buradan da belə nəticəyə gələ bilərik ki, İŞİD öz Fironlarına xidmət edir və onların ağalığının bu bölgələrdə möhkəmlənməsi üçün hər cür zülmə imza atır. Çox təəssüf ki, bütün bu işləri dünyaya İslam adı ilə təbliğ edirlər.

 

           Yuxarıda qeyd olunan ayələrə diqqət etsək, görərik ki, Allah bu işlərdə imanlı insanlar üçün böyük bir imtahan, böyük bir sınaq olduğunu xəbər verir. Demək ki, zamanımızın Fironlarının əhli olan İŞİD imanlı insanlar üçün Rəbbimiz tərəfindən böyük bir imtahan və sınaqdır. Çalışaq bu sınaqdan layiqincə keçək!

 

Rəşad Dadaşov

AİP Gənclər Təşkilatı

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system