HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 767
Gərək ki, yetimlər barəsində Allahdan qorxaq

Gərək ki, yetimlər barəsində Allahdan qorxaq

Acın halından xəbərdar olmaq üçün həqiqətən ac olmaq lazımdır

Hər il müqəddəs Ramazan ayında sosial şəbəkələrdə bəzi məqalələr və fikirlərlə qarşılaşırıq. Belə yazılarda səslənən fikirlərdən biri də budur ki, ildə bir dəfə, bu ayda Allah ona görə insanlara oruc tutmağı, ac qalmağı vacib etmişdir ki, varlılar yoxsulların, acların halını başa düşsün.

 

Olsun... Tutaq kı, önəmli olan elə budur. Amma gəlin hələ varlı, imkanlı oruc tutanları bir kənara qoyaq. Hələlik onlarla işimiz olmasın. Yəni öncə özümüzdən danışaq. İftara qədər ac qalmaqla doğrudanmı kasıbın, acın halını hiss edə biləcəyik?! Əsla! Yəni kasıbın özü yadımıza düşürmü ki, onun ac qarnı da yada düşsün? Gəlin axşama kimi ancaq özümüz və qarınımız haqqında düşünməyək. İftarı səbirsizliklə gözləyib, Allah verən nemətlərdən mədəmizə ötürməklə iş bitmir. Digər əzalarımızın oruc olub olmamasından da xəbərimiz olsun. Bax, əsas olan da, orucun mahiyyəti də budur. Bütün əzalarımızla oruc tutmalı olduğumuzu nəzərə almalıyıq.

 

Bəs kasıb?! Kasıbdamı belə ac olur? Yox! Kasıb elə hər gün kasıbdır. Ac elə hər gün acdır. Biz heç olmasa axşama kimi birtəhər dözürük ki, axşam düşəcək, gözümüzə işıq gələcək. Həqiqi ac isə balaları ilə çox gecələri ac, yarıtox halda sabahlayır. Gözlərinə nəinki işiq gəlmir, hətta gündüz də onlara qaranlıq kimi görünür. Dünya gözlərində qaralır, axşama kimi bir tikə əldə edə biləcəyi ümidi ilə gəzir. Yəni doğrudanmı belələri hər oruc tutanın yadına düşür? Belə olsaydı onlar hər bir müsəlmanın yadına düşərdi. Və düşsəydi olanımızı onlarla bölüşərdik. Həm də tək Ramazan ayında deyil, ilin bütün aylarında.

 

Həzrəti Peyğəmbər (s) və onun səhabələrini xatırlayaq. Xurmaları olanda bölüşər, olmayanda mədələrinə daş bağlayardılar. Əhli-beyti (ə) xatırlayaq ki, onlar acları heç zaman unutmazdılar.

 

Mən də gecələrdən birində günün orucuna hazırlaşarkən bir boyat, kiflənmiş çörək tikəsi yedim. Məqsədim təzə çörək almağa imkanı olmayıb evində bir neçə gündən qalıb kiflənmiş və ya küçədən tapdığı xarab olmuş çörək tikələrini götürüb evində yeməyə çalışan yoxsul və acların halını yaşamaq, onların hansı hisslər keçirdiyini başa düşmək istəyimlə bağlı idi. Lakin təəssüflər olsun ki, mən o insanların hisslərini yaşaya bilmədim. Ona görə ki, bu çörəklə yanaşı, başqa təzə çörəyim də var idi. Kiflənmiş çörəyi yeyə bilməsəydim, təzəsini yeyəcəkdim. Bilirdim ki, bunu yeməyə məcbur deyiləm. Həm də çörəyin yanında Allahın verdiyi başqa nemətlər də vardı. Bu nemətlər çörəyin kifli olmasını bir o qədər də hiss etdirmirdi. Həm də həmin kifli çörəyi qəlb ağrısı, göz yaşları içində yemirdim. Həyatımın acınacaqlı olması məni narahat etmirdi. Kifli çörək əldə etmək üçün zibil tullantıları arasında eşələnməmişdim. Övladlarım gözümün qarşısında bu kifli çörəyi böyük iştahla yemirdi. Eyni zamanda bilirdim ki, soyuducum doludur, hər cür nemət var. Belə olduğu halda acın halından xəbərdar ola bilərdimmi? Əsla! Toxun acdan nə xəbəri olsun ki?

 

Bəli, acın halından xəbərdar olmaq üçün həqiqətən ac olmaq lazımdır. Tək Ramazan ayında deyil, digər aylarda, günlərdə də onların halından xəbərdar olmalıyıq. Bunun üçün Allahın bizə verdiyi nemətləri onlarla bölüşməyi bacarmalı, yeyib-içdiyimiz, geyindiyimiz yaxşı nəyimiz varsa, onlara da verməliyik. Ən azı sədəqələrimizlə onların yükünü yüngülləşdirməliyik. Amma gəlin etiraf edək ki, bu müqəddəs ay bitdikdən sonra çoxumuz həmin acları növbəti Ramazan ayına kimi unuduruq. Görəsən, bu ayda qazandıqlarımızı qoruya bilirikmi, cənnətə düşə biləcəyikmi? Yoxsa unutduğumuz yoxsullar, aclar axirətdə bizdən haqlarını sual edəcəklər? Axirətdə onların qarşısında başıaşağı, acizmi olacağıq? Onlar cənnətə, bizlər atəşəmi girəcəyik? Əgər bir kimsə körpə uşaqları ilə ac yatırsa, Allaha nə cavab verəcəyik? Yoxsul uşaqların ehtiyacları ilə maraqlanmayan imkanlıları hansı əzabın gözlədiyini bilirikmi? Əmanəti bu şəkildəmi sahiblərinə təslim edəcəyik? Cəhənnəm atəşinə qatlanacaq gücümüz varmı? Unutmayaq ki, əgər kasıbları və uşaqlarını şad edəriksə Allahı şad etmiş olarıq. Gəlin sədəqə və ehsan verməklə onları şad edək. Həqiqətən, sədəqə Allah dərgahında böyüyüb artar.

 

Həzrət Əli (ə) özünün “Nəhcül Bəlağə”sində belə buyurur: “Yetimlər barəsində Allahdan qorxun. Belə ki, onların ağızları üçün növbə müəyyənləşdirməyin (gah tox, gah da ac saxlamayın onları). Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv və heç olmasınlar. Qonşularınız barəsində Allahdan qorxun, Allahdan qorxun ki, onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdirlər. (Həzrət Peyğəmbər) daima onları (elə) tapşırırdı ki, biz  onlara (qonşudan-qonşuya) miras müəyyənləşdirəcəyini (mallarından onlara bir pay ayıracağını) güman etdik. Quran barəsində Allahdan qorxun, Allahdan qorxun ki, başqaları ona əməl etməklə sizdən qabağa düşməsinlər”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim din qardaşını Allaha xatir ziyarət etsə, Allah ona buyurar: Bəndəm! Məni ziyarət etdin, savabın Mənim öhdəmdədir. Mən, sənin əməlinin savabında Behiştdən başqa bir şey bəyənmirəm!”

 

Möhtaclarla maraqlanmaqla sadəcə maddi ehtiyaclarını qarşılamırsınız, eyni zamanda Allahın dinini də yayırsınız.

 

Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (“Bəqərə” 215)

 

Rəşad Dadaşov

AİP Gənclər Təşkilatı

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system