HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 960
“Anam üçün” Gülnarə Sadiqin nəzər nöqtəsində

“Anam üçün” Gülnarə Sadiqin nəzər nöqtəsində

"Sevgi – hər kəs bu hissi özünə məxsus yaşayır. Hamı fərqli sevir. Lakin çox az Allah bəndəsi tapılar ki, əsl sevgiyə gedən yolu tapa bilsin. Züleyxa məhbubuna gedən yolu məbuduna gedən yolda tapdısa, demək, işin əsl mahiyyəti də elə buradadır – məhbubla məbudun arasında bir körpü qurmaqda." İslamınSesi sizə bu nəzər nöqtəni təqdim edir.

Bir yol təsəvvür edin, elə bir yol ki, əvvəlindən durub baxanda sonu, sonundan durub baxanda əvvəli görünsün: apaydın olsun, işıqlı olsun.”

 

Biz bilmirik, amma Binyamin yaxşı bilir seçdiyi yolun onun üçün nə qədər işıqlı, aydın olduğunu...

 

“Anam üçün” son zamanlar oxuduğum və oxuyaraq zövq aldığım əsərlərdən biridir. Əsər estetik baxımdan tam qüsursuzdur. Yazı üslubu, aydın-anlaşılan ifadələr, qısa və konkret qurulmuş cümlələr yazıçının doğma dilimizin ən incə ayrıntılarına qədər bələd olduğunu göstərir. Əsərdəki hadisələrlə gündəlik həyatımızda, demək olar ki, hər gün rast gəlirik, amma... Real dünyamızda Binyamin xarakterli insanlar, sözün həqiqi mənasında, nadir tapıntıdır. Hətta əminliklə deyə bilərəm ki, bu romanın oxucularının çoxu real həyatdakı nadir Binyaminlərlə hələ də rastlaşmayblar, bəlkə, heç vaxt da rastlaşmayacaqlar.

 

“Sənə doğru uzaqaşıram özümdən.”

 

 

Yazıçı bədii təsvirdən olduqca geniş istifadə edib. Kənd həyatının olduğu kimi, yəni necə varsa, elə də təsviri verilib. Lakin birinci hissədə mənin diqqətimi çəkən ən maraqlı məqam Binyaminlə anasının dialoqudur. Sübh azanı zamanı ana-bala arasında gedən bir söhbət son zamanların dini gündəmini alt-üst edə biləcək bir gücə malikdir...

 

Əsərdə zamanın ictimai-siyasi vəziyyəti də özünəməxsus tərzdə ifadə olunub; məmur özbaşınalıqlarından tutmuş, aliqarxların çıxartdığı oyunlara qədər bir çox məsələlər öz əksini tapıb.

 

Ümumilikdə əsər hissələrdən ibarətdir: “Yaşıl işıq”, “Şübhə”, “Bir heçin hekayəti”... Hər hissənin də özünəməxsus şirinliyi, sadəliyi var. Ən ürək göynədən hissələrdən biri isə mənim üçün “NƏSTƏRƏN”dir. Niyəsi haqda danışmaq istəmirəm, oxuyun, biləcəksiniz. Balaca Ləmanın şirin dilləri yorğun simamda bir anlıq təbəssüm yaratsa da, daha sonra beynimdə, cəmiyyətimizdəki balaca Ləmanlardan analarının adlarını soruşuram və çox da fərqli olmayan cavablar alıram. Bəli, cəmiyyətimizin ən yaralı yerlərindən biri də budur: Gələcəyimiz olan körpələr kiçik yaşlarından ailədaxili münaqişələrin qurbanı olurlar -–məhz Binyamin olduğu kimi. Binyamin uşaq vaxtı yaşadığı sarsıntılar olmasaydı, o nə Nəstərəni, nə də Nizami 31 ünvanındakı xoş ovqat dolu mənzili tərk edərdi...

 

İlqar Kamil yazır: “İstəyirəm sizinlə bir-iki kəlmə də darıxmaq haqda danışım, axı mən sizi sevirəm, axı görürəm ən ağrıdığınız yerdir darıxmaq; axı görürəm dünya qocalıb ölümlər cavanlaşdıqca daha darıxmağa başlamısınız, üstəlik, bir çoxunuz, nə istədiyini bilməyən körpələr kimi, nə üçün darıxdığını belə bilmir, elə hey darıxır, darıxır, darıxırsınız...” Amma məncə, Binyamin bilirdi nə istədiyini, nə üçün darıxdığını. O, həm Nəstərəni sevir, həm də anasının ruhunun belə qarşısında dediyi sözdən çıxmır. Binyamin həm də atası üçün darıxır axı.  Amma o ən çox öz Allahı üçün darıxırdı. Binyamin, əslində,  darıxmağa ilk dəfə Ərəstunla söhbətlərdən sonra başladı. Onu ilk darıxdıran şey ŞÜBHƏ idi, o, itmiş səccadəsi üçün darıxırdı. Binyamin içində öldürdüyü, şübhələrə qurban verdiyi Allahı üçün darıxırdı. Bəlkə də, Nizami 31- ə də onu bu darıxmaq aparıb çıxartdı.

 

İlqar Kamil ilahi eşq, əsl sevgi arasındakı  məsələni Binyamində elə mükəmməl cəmləşdirib ki, oxuduqca insanın ağlı ilə qəlbi arasında qırılmış olan bağların yeri göynəyir. Hər kəsin həyatında Binyamindən bir parça var. Amma heç kimin həyatında əsl Binyamin yoxdur. Bəli, əsərin fərqliliyi də məhz buradadır.

           

Əsərdə Şirindil də var –  ən azı Binyamin qədər yadda qalacaq  Şirindil. Onun məzəli və bəzən də düşündürücü sözləri insanın ruhunu oxşayır. Ən ağrılı obraz isə müəllimdir. Bəli, içi göynəmiş ata obrazı. O, həmin atadır ki, hər gecə yuxarkı mərtəbədə qızının döyüldüyünü eşidir, o həmin atadır ki, Binyaminə içində öldürdüyü Allahını dirildir və o həmin atadır ki, yaşadıqlarına rəğmən ruhunu darıxmağa qoymur, öz eşqinin ətəyindən yapışır. Həm də o, rənglərin sirrinə bələddir axı...

            Binyamin fərqli bir tipdir. O, hər şeyi özünəməxsus qəbul edir. Hər kəsə fərqli yanaşır. Hətta Nəstərəni sevməsi, onu xilas etməsi də onun bu fərqli yanaşmasından irəli gəlir. Mən onun  getməsini başa düşdüm. Amma başa düşmədiyim hissə Bəhlula münasibəti oldu. Bəlkə də, yazıçının özünün dediyi kimi, Binyamin Nəstərən ondan tamamilə əlini üzsün deyə, bu addımı atdı. Lakin burda mən yazıçı ilə razılaşmıram, məncə, belə deyil, əslində, Binyamin darıxdığı ünvana gedən yolu tapmışdı. O, əslində, atasına gedirdi, içində diriltdiyi Allahına doğru gedirdi...

 

Binyaminin Nəstərənə Bəhlul üçün elçi düşməsi... Bax, məhz burda məncə, yazıçı Binyamini əzdi, çox əzdi. Onun əzəmətini sındırdı. Çünki sevən insan uzaq da olsa, qovuşa bilməsə də, hətta qovuşmaması üçün əlində Binyaminin verdiyi söz kimi sözü olsa da, özü – öz əli ilə sevdiyi qadının başqası ilə evlənməsinə razılıq verə bilməz. Bəlkə də, Binyamin haqlı idi, bilmirəm.

Sonda əsər gözlənilən bir sonluqla bitir – Binyamin Nəstərəni tərk edir  və beləliklə, həyatının ikinci , böyük hicrəti baş tutur.

 

            “BİR YOL TƏSƏVVÜR EDİN, ELƏ BİR YOL Kİ, SİZİ ƏTİ DIRNAQDAN AYIRARCASINA HƏR ŞEYDƏN, HƏR KƏSDƏN  AYIRSA DA, ALLAHA DOĞRU APARSIN...”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system